Söz Bulaq loqosu

Qasım bəy Zakir

Tülkü və Qurd

Şeir
Bir rubəhi-gühənsalə gedirdi,Qismət üçün seyri-aləm edirdi.
Obadan kənara gördü, ittifaq,Atıblar səhrayə bir dünbeyi-çaq.
Diqqət ilə baxıb, tələni seçdi,Yavuğa duşməyib, uzaqdan keçdi.
Gəzər ikən oldu bir qurda düçar,Dedi: "filan yerdə yaxşı tömə var".
Biçarəni çəkə-çəkə gətirdi,Bir azca qalmışdı quyruğu gördü.
Dedi: "təəccübəm, sən belə şeyəDuçar oldun, özun yemədin niyə?"
Dedi: "boynumda var qəza orucum,Tutmuşam ki, saqit ola borcum."
Soxuldu quyruğu yerdən götürə,Neçə gündü naharsızdı, ötürə;
Çırtlayıb, payinə tələ oldu bənd,O yana, bu yana tullandı hərçənd,
Nə qədər güc vurdu, götürmədi əl,Kəsilib əlacı, qaldı məəttəl.
Tülkünün əlinə düşdu girəvə,Quyruğu yeyirdi çox sevə-sevə.
Dedi: "sən deyirdin orucam, bayaq,Nədir yeyirsən indi bu sayaq?"
Dedi: "oruc idim, amma bu axşamTəzə ayı görüb, etmişəm bayram."
Hiyləsinə o pürfənin inandı,— Bəs mənim bayramım, — dedi, — haçandı?
— Sənin də bayramın sahibi-tələGələndədir, — dedi, — tələsmə hələ.
Hər kimsədə ola əqlü fəhmü huş,Bu məsəli eyləməsin fəramuş:
Əvvəl gərək suyu yoxlasın möhkəm,Boylayandan sonra soyunsun adəm.
Nəinki etməyib fikir, əndişə,Sala canavar tək özünü işə.
Həm özünün payın, həm onun payınTülkü yeyə bidərd-sər, arxayın.