Söz Bulaq loqosu

Seyid Əzim Şirvani

Xan və dehqan

XIX əsrin şeirləri
Bir əkinci gedirdi məstanə,Yolda ol rast gəldi bir xanə.
Xanı görcək yazıq baş endirdi,Gör onu xan nə gunə dindirdi.
Dedu: - Ey it, kənarda çıx yoldan!Nə çıxırsan donuz kimi koldan?
Gördü bu iltifatı çün xandan,Zövqdən oldu gül kimi xəndan.
Evinə daxil oldu xürrəmü şad,Övrəti onda gördü vəcdi-ziyad.
Dedi: - Ey qaşı bir hilali-mübin,Xirmənin üstə xuşəçin Pərvin,
Məzrəi-imtizacə danəfəşan,Sünbülə şəhli sünbülündən əyan,
Nədi bu behcətü sürurə səbəb,Tez bəyan et görüm nədir mətləb?
Dedi bəylər yanında xani-kübarYoldan ikram ilə edirdi güzar.
Dayanıb xanə eylədim kürnuş,Məni dindirdi xani-sahibxuş.
Dedi: - Bu olmaz ey büləndəxtər,Səni xan dindirə, idim bavər?
Nə deyib xan sənə, bəyan eylə,Dürci-ləl aç, gühər fəşan eylə.
Atılıb-düşdü bir zaman dehqan,Həvəsi sakit oldu, qıldı bəyan.
Dedi ki, xan dedi: - Çıx it yoldan!Nə baxırsan donuz kimi koldan?
Bizə xan iltifatı peydadır,Bir səadətdü, feyzi-üzmadır.
Bizə bu vəch iftixar olsun,Nəsl-binnəsl yadigar olsun.