Söz Bulaq loqosu

Hüseyn Cavid

Çoban türküsü

XX əsrin şeirləri
Açmasın çiçəklər, gülməsin güllər,Ötüşməsin şirin dilli bülbüllər,
Dərdim çoqdur ellər, ellər, ay ellər!Yar-yar deyib gecə-gündüz ağlaram.
Göz yola dikməkdən bağrım oldu qan,Bir xəbər yoq hilal qaşlı yarımdan,
Yaralı könlümü olmaz oxşayan,Yar-yar deyib gecə-gündüz ağlaram.
Gülməz, yüz bahar olsa, gülməz yüzüm,Yardan başqa bir gözəl görməz gözüm,
Sanki anadan ayrılmış öksüzüm,Yar-yar deyib gecə-gündüz ağlaram.
Öz yurdumda bir qəribdən seçilməm,Əsir kibi bir dost, bir yaqın bilməm,
Cihan cənnət olsa, bir ləhzə gülməm,Yar-yar deyib gecə-gündüz ağlaram.
Məcnun könül Leylasını unutmaz,Başqa bir gözəl dərdimi uyutmaz,
Bir məsəldir: “Tərlan yerin sar tutmaz!”Yar-yar deyib gecə-gündüz ağlaram.
Göy yüzündə görür-görməz hilalı,Keçər fikrimdən yarımın xəyalı,
Dərbədər könlümün artar məlalı,Yar-yar deyib gecə-gündüz ağlaram.
Xatirə gəldikcə mavi gözləri,Süzgün baqışları, tatlı sözləri,
Dolaşırım dağı, daşı, düzləri,Yar-yar deyib gecə-gündüz ağlaram.
Yosma dilbərim deyilmiş ədasız,Pək nazlıdır, amma deyil vəfasız,
Nə çarə!? Eşq əhli olmaz bəlasız,Yar-yar deyib gecə-gündüz ağlaram.