Yetməz tamamə zülfi-siyahın hekayəti,Bir qissədir uzun, onun yox nihayəti.
Axırda etdi xaluvu da qan içən ləbin,Yoldaşlığın, bəli, olur axir sirayəti.
Öylə ki, tari-zülfün ona hər zaman dəyir,Axırda incinib, üzün eylər şikayəti.
Dedin ki, kim əlac edər zəxmi-sinəvə,Qəmzən edər əlac, əgər olsa inayəti.
Qəddin hədisi aləm ara saldı fitnələr,Şuriş düşər yetəndə, bəli, məhşər ayəti.
Tapmazdı ləblərində könül çeşmeyi-həyat,Xizri-xətin gər eyləməyəydi hidayəti.
Derlər ki, hicr qayəti hicrandır, Bahar,Yarəb, hara yetə, görəsən, hicr qayəti?