Söz Bulaq loqosu

Seyid Əzim Şirvani

Qasımım, zülfi-xəmin üzdə hüveyda görünür

Şeir
Qasımım, zülfi-xəmin üzdə hüveyda görünür,Bu əcəbdir ki, gün üzrə şəbi-yelda görünür.
Ey süpehri-şərəf üzrə məhi-tabanım oğul,Zülməti-hicrivə qoydun məni cananım oğul,
Ey xəti Xızr, ləbi çeşmeyi-heyvanım oğul,Ləbi-ləlində sənin nitqi-Məsiha görünür.
Ey oğul, qaldı qara günlərə biçarə ərus,Gülü əldən gedibən, yalvaracaq xarə ərus,
Al duvağın götürüb, başə salıb qarə ərus,Bülbülün solsa gülü, başəna sevda görünür.
Kakilin həbli-mətinimdi, üzün ayeyi-nur,Qaf məsturi-cəbinimdi, kitabi məstur.
Şəşəati-ruxi-pakin eləyib dəhrə zühur,Kərbəla Tura dönüb, nuri-təcəlla görünür.
Oxşayırsan, ey oğul, gərçi məhi-ənvərə sən,Al ələ tiği-hilalın, ur özün ləşkərə sən,
Çün gərək canını qurban verəsən Əkbərə sən,Əkbərin qətlinə bu qövm mühəyya görünür.
Sənə qurban olum, ey novgüli-gülzari-Həsən,Səni qurban verirəm şövqlə ol sərvərə mən.
Leyli öz Əkbərinin gərdəninə saldı kəfən,Çeşminə indi nə dünyavü nə üqba görünür.
Cəddimə verdi xəbər həq, Zəkəriyya xəbərim,Teşt içində kəsilən başı o Yəhya xəbərin.
Bil bu ayatıt, oğul, rəmz ilə ima xəbərin,Zahiri təşnə Hüseyn, batini Yəhya görünür.
"Kafiha"da var, oğul, bir neçə məxfi məna,"Kafi'dir Kərbübəla,"ha"yı həlaki-şühəda,
"Ya" yəqin eşqdi bu təşnələbi-Kərbübəla,"Sat"i səbr olmasa, ey təşnə, nə məna görünür?
Seyyida, riştəyə çəkdin yenə yüz dürri-Ədən,Sənə məhşərdə şəfaət eləsin ibn Həsən.
Mərhəbalar sənə, ey şairi-ecazsüxən,Səndə feyzi-nəzəri-həzrəti-mövla görünür.