Söz Bulaq loqosu

Şah İsmayıl Xətai

Yanağın ey pəri can mənzilidir

XVI əsrin qəzəlləri
Yanağın ey pəri can mənzilidir,Bu bülbülnün gülüstan mənzilidir.
Ayağın basdığı yer, ey dilaram,Bu mur üçün Süleyman mənzilidir.
Saçının zülmətində təşnə Xızrəm,Dodağın abi-heyvan mənzilidir.
Bitibdir qamətin çeşmim üzündə,Nə xoş sərvi-xuraman mənzilidir.
Götürmə ağ yüzündən qarə zülfün,Ki, əqrəb mahi-taban mənzilidir.
Mürad üçün gəlibdir dil qapına,İnayət qıl ki, ehsan mənzilidir.
Xətai könlünə yar mehri düşdü,İmarət qıl ki, sultan mənzilidir.