Övliyadan hasil etdik eşq ilə sevdayi biz;Zahidə verdik onunçün zöhdilə təqvayi biz.
Dedilər ki, yeddi tamu zülmətin hicranidir,Olmadan ondan cahanda çəkdik ol ğovğayi biz.
Dedilər ki, səkkiz uçmaq, sirr olubdur zahidə,Pərdəsiz nur onda gördük cənnətül-məvayi biz.
Cənnət ilyindən içəri bir əcayib mülk var,Bihicab ol ildə gördük, pirim ol həmtayi biz.
Canü canan bilmişidik, küfrü dini biədəb,Qəreyi-ümmanə daldıq, keçdik ol dəryayi biz.
Neçələr talib olubdur bu hüma kölgəsinə,Çin elindən seyr edərkən bulduq ol hümayi biz,
Ey Xətai, dedi Tuba pirimin yek boyuna,Heydərin yüzündə gördük ol gülü rənayi biz.