Etdi bu fələk hər kəsə bir tövr yamanlıq,:Səd heyf, keçən gün!
Hər biş iş üçün xatiməbəxş oldu bu afaq,:Olduq yenə məmnun.
Şükr eylədik Allaha yetişdikcə ziyanlıq,:Əfsürdə biz olduq.
Çaldı bizə bir özgə səyaq ilə fırıldaq,:Qəmli günə qaldıq.
Nə rəhm bilər, şərm qanar, ağlamaq anlar,:Böylə fələk olmaz!
Yox böylə iki dilli, yaman üzlü cəfakar,:Bir zərrə utanmaz!
Verdi bu hamı qonşulara sənətü dövlət,:Dünya, sənə lə'nət!
Səsləndi, gedək siz yatın həmmamdə rahət,:Bicadı bu zəhmət!
İslam uşağı yatsın ayağında fələqqa,:Bu növdi tə'lim.
Vursun buların başına həm mirzə tərəqqa,:Eylin onu təkrim.
Ey vay, bu fələk qoydu bizi löqməyə həsrət,:Qaldıq biz adamsız!
Verməz dəxi bir parça çörək tapmağa fürsət,:Get, yatgilə şamsız!
Öz bildiyini qıldı müsəlmanlara dövran,:Əl işdən üzüldü.
Çaqçaq başın ağrıtdı, kefin çəkdi dəyirman,:İş həcvə düzüldü.
Bu çərxi-sitəmkarın aman məsxərəsindən!:Bais, balan ölsün!
Baxmış bu müsəlmanlara qəm pəncərəsindən,:Çərxin üzü dönsün!
Əvvəl bu fələk cümlədən əymişdi damağı,:Qəm kasəsi daşdı.
Axırda bizim başımıza vurdu çanağı,:Su başdan aşdı.
Bir rus görəndə oluruq xar yanında,:Quzu, keçiyik biz.
Keçməz sözümüz bir pula sərdar yanında,:Çünki nəçiyik biz?!
:Tanrı buna şahid -:Quzu, keçiyik biz...