Söz Bulaq loqosu

Məhəmməd Hadi

Əlvida, yaxud acı bir iqrar

Şeirlər
Ah, bədməstü xərabız cümləmiz bir camdən,Min günəş doğsa, oyandırmaz şəbi-övhamdən.
Dinləyin iqrarımı, yaran, dili-nakamdən:Qət'i-ümmid eylədik biz doğrusu islamdən.
Ah, yox bir hal əməlbəxşayi-istıqbal ola!Yox iki qardaş belə islamdə yekbal ola!
Qorxuram bu ixtilafın ardı izmihlal ola!..Qət'i-ümmid eylədik biz doğrusu islamdən.
İntibah etsin deyə islam fəryad eyləriz,Min nəva, min növheyi-dilsuz inşad eyləriz,
Zənn edərdik ümməti-islamı irşad eyləriz,Qət'i-ümmid eylədik biz doğrusu islamdən.
Çünki elmü dinü dəhrə iltifatın yox sənin,Yox deməkdir, yox deməkdir, yox həyatın, yox sənin!
Eyyühəl-islam, ümmidi-nicatın yox sənin,Qət'i-ümmid eylədik biz doğrusu islamdən.
Nuri-ürfanla gərək tənvir qəlbü qalibi,"Ütlübül elmə vəlov bis-Sin..." buyurmuşdur nəbi,
Rəxnədar etdik cəhalətlə əsasi-məzhəbi,Qət'i-ümmid eylədik biz doğrusu islamdən.
Başqa bir vadidə puyandır Firəngistan bu gün,Onları təhqiri, heyfa, sanmışız iman bu gün!
Bu gedişlə onlarındır atiyi-imran bu gün,Qət'i-ümmid eylədik biz doğrusu islamdən.
Düşməni-ənvar olur ol çeşm kim, binurdur,Nəzreyi-xəffaşdə, əlbət, günəş mənfurdur,
Didə görməz, guş eşitməz, fikrimiz məsturdur,Qət'i-ümmid eylədik biz doğrusu islamdən.
Daşlara tə'sir edərdi naleyi-cangahımız,Olmadı tə'sirbəxşi-əhli-islam ahımız,
Nifrət etmiş sanki bizdən, Hadiya, Allahımiz,Qət'i-ümmid eylədik biz doğrusu islamdən.