Üzündə surəti-rəhmanı gördüm,Qaşında qafu vəl-Qur’anı gördüm.
Oxudum dərsi-hüsnün ayətini,Yeddi müshəf kimi Fürqanı gördüm.
Məhəmməd ümmətindən sən doğalı,Səni gözəllərin sultanı gördüm.
Bizim məqsudumuz didarınızdır,Oxudum dəftəri-divanı gördüm.
Məmat olmaz könül darül-fənada,Ləbintək çeşmeyi-heyvanı gördüm.
Züleyxatək bu gün dərdə giriftar,Həzaran Yusifi-Kən’anı gördüm.
Nəsimitək bu gün hər kim verər can,Yəqindir, gər desə cananı gördüm.