Söz Bulaq loqosu

Əhməd Cavad

Azərbaycan, Azərbaycan

1919-cu ilin şeirləri
Dağlarının başı qarlı,Sinəsi yaşıl ormanlı!
Dərələrin şirin barlı,Azərbaycan! Azərbaycan!
Səhraların sünbüllüdür,İl müdam üstü güllüdür!
Bağçaların bülbüllüdür,Azərbaycan! Azərbaycan!
Durna gözlü bulaqların,Cənnət kimi yaylaqların!
Geniş-geniş oymaqların,Azərbaycan! Azərbaycan!
Ormanında maral gəzər,Çöllərində ceyran süzər!
Göllərində qazlar üzər!Azərbaycan! Azərbaycan!
İlxında ayğır kişnəşir!Naxrında buğan güləşir!
Süründə əmlik mələşir!Azərbaycan! Azərbaycan!
Qayaların əlvan mərmər!Belində var qızıl kəmər!
Bir yanında Bəhri-Xəzər!Azərbaycan! Azərbaycan!
Sinən odu şölə salır!Dünya səndən işıq alır!
Verməyəndə, zülmət qalır!Azərbaycan! Azərbaycan!
İpək, pambıq, yunun çoxdur!Arpa, buğda, düyün çoxdur!
Hər şeyin var, nəyin yoxdur?!Azərbaycan! Azərbaycan!
Yer üzündə yoxdur tayın!Gur-gur axar neçə çayın!
Bol veribdir, fələk payın!Azərbaycan! Azərbaycan!
Laçının var, tərlanın var!Çoxlu şirin dastanın var!
Qorxun yoxdur, düşmanın var!Azərbaycan! Azərbaycan!

Gəncə, 1919