Xəstə düşdüm, gələn yoxdur üstümə,Qərib öldüm, bikəs öldüm, yad öldüm,
Xəbər olsun yaranıma, dostuma,Qərib öldüm, bikəs öldüm, yad öldüm.
Ey sevdiyim, səndən qeyri kimim var,Gəl üstümə, aman öldüm, dad öldüm.
Xırdacalar yığıldılar yanıma,Fikr elədim odlar düşdü canıma,
Başdan belə yazılıbdır şanıma,Qərib öldüm, bikəs öldüm, yad öldüm.
Ey sevdiyim, səndən qeyri kimim var,Gəl üstümə, aman öldüm, dad öldüm.
Dərdim çoxdur, birin doğru sanan yox,Məgər bunda qəm hərfini qanan yox?
Bir ah çəkib cigərindən yanan yox,Qərib öldüm, bikəs öldüm, yad öldüm.
Ey sevdiyim, səndən qeyri kimim var,Gəl üstümə, aman öldüm, dad öldüm.
Ağla, didəm, qanlı yaşın sel olsun,Söyləməyə gizli dərdin dil olsun.
Kimim vardır qohum-qardaş, el olsun,Qərib öldüm, bikəs öldüm, yad öldüm.
Ey sevdiyim, səndən qeyri kimim var,Gəl üstümə, aman öldüm, dad öldüm.
Vidadiyəm, təbib dərdim bağlamaz,Sinəm başın düyünləməz, dağlamaz,
Yad yığılar, sərin baxar, ağlamaz,Qərib öldüm, bikəs öldüm, yad öldüm,
Ey sevdiyim, səndən qeyri kimim var,Gəl üstümə, aman öldüm, dad öldüm.