Harda gördüm bir şux, kaman qaşlını,İstərəm canımı qurban eyləyəm.
Tutam zülfün ucun, dönəm başına,Bağrımı oduna büryan eyləyəm.
Mən bilirəm qədrin sərxoş cavanın,Həlqə-həlqə zülfün, tər zənəxdanın.
Bu gül əndamlının sərvi - rəvanın,Durum yerişinə seyran eyləyəm.
Mən onun dərdinə oldum mübtəla,Şəmi xiyalıma o verir ziya,
Xublardan ki, mənə gəlsə hər bəla,İstəməm ona mən dərman eyləyəm.
Xublara vermişəm din-imanımı,Şövkətü-şanımı, adü-sanımı,
Cəllad tək gözləri alsa canımı,Namərdəm mən əgər aman eyləyəm.
Vaqifə rəhm eylə bari, ilahi,Agah et dərdimdən ol üzü mahi,
Qədəm basıb bizə gəlsin nagahi,Bir gecə mən onu mehman eylərəm.