Söz Bulaq loqosu

Mirzə Ələkbər Sabir

Cəhd eylə, sən ancaq nəzəri-xəlqdə pak ol!

Şeirlər
Cəhd eylə, sən ancaq nəzəri-xəlqdə pak ol,Məxluqu inandır;
Xasiyyətin od olsa da, ətvardə xak ol,Sök aləmi, yandır;
Xəlqin nəzərin cəlb elə qurşağə, qəbayə,Məclubi-üyun ol;
Hər hiyləvü bicliklə gir, əlbəttə, əbayə,Imanə sütun ol;
Sə’y eylə ki, saqqal uzanıb üç çərək olsun,Papaq ona nisbət;
Qurşaq da, bilirsən ki, on arşın gərək olsun,Təfsilə nə hacət...
Qoyma yerə təsbihini, əl çəkmə duadən,Övrad oxu daim;
Məclisdə çəkib dut özünü, ol nücəbadən,Söz söylə mülayim;
Iştə geyinib məzhəbi, imanı büründün,Pək möhtərəm oldun;
Indi nəzəri-xəlqdə sən pak göründün,Əhli-kərəm oldun;
Başdan-ayağa əmnü əman oldu vücudun,Zöhd ilə bitişdin;
Nolmaq diləyirdinsə, həman oldu vücudun,Məqsudə yetişdin!
Vəqt oldu ki, imdi edəsən aləmi talan,Dut, qoyma qaçanı!
Hökm imdi sənindir, dəxi çək işlərə saman,Yığ müşkül açanı;
Dul övrətə bidad elə, eytamə xəyanət,Xovf etmə əcəldən;
Məkr isə özün qıl, oxu şeytanə də lə’nət!Şad ol bu əməldən,
Əl çəkmə hiyəldən,Təzvirü dəğəldən,
İmanı da versən,Vermə pulu əldən!