Söz Bulaq loqosu

Mirzə Ələkbər Sabir

Bakı fəhlələrinə

Şeir
Bu çərxi-fələk tərsinə dövran edir imdi,Fəhlə də özün daxili-insan edir imdi,
Olmaz bu ki, hər əmrə dəxalət edə fəhlə,Dövlətli olan yerdə cəsarət edə fəhlə,
Asudə nəfəs çəkməyə halət edə fəhlə,Yainki hüquq üstə ədavət edə fəhlə,
Bu çərxi-fələk tərsinə dövran edir imdi,Fəhlə də özün daxili-insan edir imdi,
Fəhlə, mənə bir söylə, nədən hörmətin olsun?Axır nə səbəb söz deməyə qüdrətin olsun?
Əl çək, bala, dövlətlilərə xidmətin olsun,Az-çox sənə verdiklərinə minnətin olsun!...
Bu çərxi-fələk tərsinə dövran edir imdi,Fəhlə də özün daxili-insan edir imdi,
Dövlətli, amandır, özünü salma bəlayə,Fəhlə sözü həqq olsa da, baxma o sədayə,
Yol vermə nəfəs çəkməyə hərgiz füqərayə,Öz şənini puç eyləmə hər bisəru payə!..
Bu çərxi-fələk tərsinə dövran edir imdi,Fəhlə də özün daxili-insan edir imdi,
Aldanma, fəqirin olamaz əqli, zəkası,Çün yoxdur onun sən kimi pakizə libası,
Yox sərvəti, yox dövləti, yox şalı, əbası,Var köhnə çuxası, dəxi bir təkcə qəbası…
Bu çərxi-fələk tərsinə dövran edir imdi,Fəhlə də özün daxili-insan edir imdi,
İstərsən əgər olmağa asudə cəhanda,Ta olmayasan qəmlərə aludə cəhanda -
Fəhlə üzünə baxma bu bihudə cəhanda,Öz fikrini çək, ol dəxi fərsudə cəhanda,
Bu çərxi-fələk tərsinə dövran edir imdi,Fəhlə də özün daxili-insan edir imdi,
Gör millətinin dərdini, axtarma dəvasın,Əl çəkmə yetimin başına, kəsmə sədasın,
Zinhar qoyub dəhrdə bir xeyr füqərasın…Yad eyləmə, şad eyləmə millət füqərasın…
Bu çərxi-fələk tərsinə dövran edir imdi,Fəhlə də özün daxili-insan edir imdi.