Təşneyi-cami-vüsalın abi-heyvan istəməz,Mayili-muri-xətin mülki-Süleyman istəməz.
Zülməti-zülfün giriftari dəm urmaz nurdən,Talibi-şəm’i-rüxün xurşidi-rəxşan istəməz.
Eyləməz meyli behişt üftadeyi-xaki-dərin,Sakini-künci-qəmin seyri-gülüstan istəməz.
Cövrdən ah etmə, ey aşiq ki, eyni-lütfdür,Dust əsbabi-kəmali-hüsnə nöqsan istəməz.
Eşqdən vəhm etməsin aşiq, yıxar könlüm deyib,Hiç sultanəm deyən mülkünü viran istəməz.
Aşiq isən rindü rüsvalıqdan ikrah etmə kim,Eşq sirrin iqtizayi-dövr pünhan istəməz.
Ey Füzuli, müttəsil, dövran müxalifdir mana,Qaliba, ərbabi-iste’dadı dövran istəməz.