Söz Bulaq loqosu

Almas İldırım

Dağlara vida

XX əsrin şeirləri
Əzəldən can deyərək bu sevdalı ölkəyə,Hər qadasın aldığım sana əyan, a dağlar.
Oxşarkən hər dərdini söz verdim ölüm deyə,Onunçun bu çəkdiyim dərd bipayan, a dağlar.
Doğma yurdu tərk edib atıldım diyar-diyar,Görmədim gənc ömrümdə yaşanacaq bir bahar.
Döndü həp düşmən oldu dost deyilən hər nə var,Barı sən dostluğunda möhkəm dayan, a dağlar.
Qf, Bakı... Bu ayrılıq mana ölümdən ağır,Aləmə bahar gəldi, sənə yağmur, qar yağır,
Gündüzlərin dumanlı, gecələr dilsiz, sağır,Bu boğulan səsimi varmı duyan, a dağlar.
Hicrinə tab edərsəm, dağları dələcəyəm,Bir qanlı Sezar kimi mən yenə gələcəyəm,
Bir gün Eldəgiz kimi hayqıra biləcəyəm,Artıq oyan, a dağlar, artıq oyan, a dağlar...
Bir gün gələr qoşaraq yurdumun harayına,Mən atəş edəcəyəm düşmənin sarayına,
Nə düşər yurdu batmış bir igidin payına?Ya şərəfli istiqlal, ya qızıl qan, a dağlar...