Çiçəkli qoynunda bir bağça tikdim,Suvara-suvara göz yaşı tökdüm,
Gecə-gündüz əməyini mən çəkdim,Yoldu meyvəsini yellər, a dağlar!..
Nədən küskün yaxandakı bülbüllər,Harda mana layla çalan o dillər?..
Mən səslənsəm: ellər, ellər, ay ellər,Əksi-səda gəlir: “ellər...”, a dağlar!..
Söylə, nədən səs verməyir Xəzərim,Mən ki, onun hər dərdini yazarım,
Sürgün olub uğrunda həp gəzərim,Qismətim bu uzun yollar, a dağlar...
Söylə nədən dəli Kürüm çağlamaz,İçdən coşub öz gününə ağlamaz,
Göy Muğanım nədən yaşıl bağlamaz,Dərdlimidir o Göy göllər, a dağlar?..
Söylə, Şahdağlarım nədən yaslıdır?Köksündəki qılınc, qalxan paslıdır?
Şairlərin nədən həzin səslidir,Qərib sazda qırıq tellər, a dağlar?..
A dağlar, a dağlar, söylə, a dağlar,Olurmu aşnalıq böylə, a dağlar?..
Yaman günüm yaxşı eylə, a dağlar,Sana qurban bu könüllər, a dağlar...